Orhan Ölməz və Səbuhi Zaman eyni səhnədə – Bakıda möhtəşəm duet gecəsi

20:28 / 20.02.2026 Oxunub: 646

Kanal 20 TV xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq türkiyəli sənətçi Orhan Ölməz və şair, bədii qiraətçi Səbuhi Zamanın birgə konsert proqramı keçiriləcək. “Bir şəhər axşamında” adlı möhtəşəm duet gecəsi martın 7-də Heydər Əliyev Sarayında baş tutacaq.

Layihə Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü, “NNFİLM.AZ”ın təşkilatçılığı və “Bu gün TV Media Qurumu”nun dəstəyi ilə gerçəkləşdirilir. Konsertin əsas məqsədi Azərbaycan–Türkiyə mədəni əlaqələrinin daha da gücləndirilməsidir.

Təşkilatçı, “NNFİLM.AZ”ın rəhbəri Natiq Novruzov mediaya açıqlamasında bildirib ki, layihə üzərində artıq iki aydır intensiv iş aparılır. Onun sözlərinə görə, Orhan Ölməz “Bir şəhər axşamında” konsert proqramı təklifini məmnunluqla qəbul edib və tərəflər arasında rəsmi müqavilə imzalanıb. Hazırda paytaxtın mərkəzi küçə və prospektlərində konsertin anonsları yerləşdirilib, televiziya və sosial şəbəkələrdə geniş təbliğat kampaniyası aparılır.

Duet gecəsində Orhan Ölməzin səhnə ortağı olacaq Səbuhi Zaman Kanal 20 TV-yə açıqlamasında bildirib ki, bu layihə illərdir arzuladığı bir ideyanın reallaşmasıdır:

“Gəncliyimizin sevilən türk sənətçisi Orhan Ölməzlə eyni səhnəni bölüşmək böyük qürurdur. Onun Azərbaycanda çoxsaylı pərəstişkarları var. Bu gecə musiqi ilə poeziyanın vəhdəti olacaq. Duyğuların, sevginin və sözün gücünü tamaşaçılarla bölüşəcəyik.”

Qeyd edək ki, “Bir şəhər axşamında” konsert proqramının media dəstəkçisi də “Bu gün TV Media Qurumu”dur. Qurumun rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva bildirib ki, son iki ildə həyata keçirdikləri layihələr arasında bu, sayca beşinci böyük tədbirdir. Onun sözlərinə görə, konsert 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunduğundan, tədbirə maraq kifayət qədər yüksəkdir və bu, bilet satışlarında da özünü göstərir.

Biletlər “İticket.az” satış platforması vasitəsilə təqdim olunur.

Layihə çərçivəsində sponsor brendlərin geniş auditoriyaya tanıdılması da nəzərdə tutulub. Konsert zamanı aparıcı tərəfindən səhnəyə dəvət edilən baş sponsorlara “Türk mədəniyyətinin təbliğinə dəstəyə görə” xüsusi mükafat təqdim olunacaq.

Martın 7-də Bakıda musiqi və poeziyanın vəhdətində unudulmaz bir axşam yaşanacağı gözlənilir.



Digər xəbərlər

Xəbər lenti

20 Fevral 2026
19 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə