Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

00:56 / 11.02.2026 Oxunub: 636
 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” tədbirlər çərçivəsində növbəti videoçarx hazırlandı. Videoçarx Azərbaycan yazıçısı, hərbi xadim, general-mayor İsmayıl bəy Qutqaşınlının 220 və Azərbaycan alimi, tarixçi və şərqşünas, Əməkdar elm xadimi Sara Aşurbəylinin 120 illik yubileylərinə həsr olunub.

Videoçarxda bildirilir ki, İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr və hekayə janrını gətirən yazıçıdır. Yaradıcılığının şah əsəri “Rəşid bəy və Səadət xanım” əsəridir. Yazıçı Qərbi Avropa dilində roman yazan ilk azərbaycanlı idi. O, “Miskin” təxəllüsü ilə şeirlər də yazmışdır. İ.Qutqaşınlı 1852-1861-ci illərdə Məkkəyə – Həcc Ziyarətinə getmişdir. Böyük ədib bu səyahəti ilə əlaqədar 1852-ci ildə “Səfərnamə” adlı yol qeydlərini yazmışdır.

Tarixçi-alim Sara Aşurbəyli 8 monoqrafiya və 100-dən çox elmi məqalə yazmışdır. Alimin “Bakı tarixi” kitabı dünyanın bir çox alimləri tərəfindən yüksək qiymətləndirilmişdir. Videoçarxda qeyd olunur ki, Sara Aşurbəyli Gürcüstan Elmlər Akademiyasının Tarix İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir, sonra professor adını almışdır. Bildirilir ki, uşaqlıqdan sənətə böyük maraq göstərmiş, fortepianoda mükəmməl ifa etmişdir. Alimin ən sevdiyi bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Frederik Şopen olmuşdur. Bülbülün ifasını dinləməyi xüsusilə sevirdi.

Videoçarxda hər iki görkəmli şəxsiyyətin təltif və mükafatları, xatirələrinin əbədiləşdirilməsi haqqında məlumatlar izləyicilərə təqdim olunur.

 

 

 



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə