Kitablar səltənətinin növbəti incisi: İsmayıl Şıxlı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsi davam edir. İzləyicilərə istedadlı nasir, tanınmış ədəbiyyatşünas-alim, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının “Ölən dünyam” əsəri təqdim edilir.
Müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri İsmayıl Şıxlı ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə gəlir. XX əsrin 50-ci illərindən ədəbi mühitdə və mətbuatda İsmayıl Şıxlı imzası tanınır. İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında roman janrının ən uğurlu nümunəsidir.
Ədib romanın üzərində illərlə çalışmışdır. Roman XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin Azərbaycan xalqının həyatında yaratdığı əsaslı dəyişikliklərdən bəhs edir. Əsərdə xalqımızın milli oyanış dövrü hadisələri, eyni zamanda ailə-məişət məsələləri geniş təsvir olunur. “Ölən dünyam” romanı İ.Şıxlı yaradıcılığının son akkordudur. Azərbaycan xalqının taleyində onun mənəviyyatını, ruhunu məhv etməkdən ötrü müsibətlər, faciələr, qədəri məlum olmayan insan ölümlərini qələmə alan İsmayıl Şıxlı böyük cəsarətlə bütün çərçivələri pozaraq tarixi roman yaradır. Əsər yalnız müəllifin yaradıcılığında deyil, ümumilikdə müasir nəsrimizdə yeni hadisə sayılır. Əsərdəki obrazlar əsasən köhnə düşüncə ilə yeni həyat arasında qalan insanlardır.
Onlar dəyişən dünyaya uyğunlaşmaqda çətinlik çəkirlər və bu da onların daxili ziddiyyətlərini gücləndirir. Müəllif müxtəlif hadisələri paralel inkişaf etdirmək hesabına və konkret zaman çərçivələrindən cəsarətlə çıxaraq, gah gələcəyə gedib, gah da keçmişə qayıdaraq iki böyük nəslin taleyini izləməyə və ölkənin siyasi mənzərəsini canlandırmağa müvəffəq olmuşdur. Romanın çox dəyərli olduğunu başa düşməyə ehtiyac yoxdur. Əsərdən kiçik bir sitat nəzər yetirmək kifayətdir: “Məni ən çox narahat edən Helendorf tərəfdir. Əvvəla, bu tərəfdə erməni kəndləri var, ikincisi də həmin yol şəhərin ermənilər yaşayan hissəsiylə birləşir... Bakıda olduğu kimi burada da onlar xəyanət edə bilər, gah daşnaka, gah bolşevikə çevrilərlər.
Biz bunları nəzərdən qaçırmamalıyıq”. Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı Şahzadə İldırım “Ölən dünyam” əsərindən maraqlı epizod səsləndirərək kitabsevərlərə bu əsəri oxumağı tövsiyə edir: https://www.youtube.com/watch?v=Ejo29faDBF4


Digər xəbərlər
Leninoqorskda gənc skripkaçı Esmanur Firdovsili beynəlxalq “Planet Arts” və regional “Star Trek” müsabiqələrində birinci dərəcəli laureat adını qazanıb
Bakıda Kamal Abdullanın “Ruh” tamaşası nümayiş olunub
“70 ilin işıqlı yolu”
Xalq şairi Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olunub
Azərbaycan Berlinale Film Festivalında təmsil olunur
“Qutu” filmi yaxın zamanda tamaşaçılara təqdim olunacaq
Xəbər lenti
Ən çox oxunan