Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim mərhələsi keçirilib
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda təşkil olunan təlimlərin növbəti mərhələsi baş tutub.
Kanal 20 TV xəbər verir ki, təlim proqramının ikinci günündə media sahəsinin tanınmış simaları iştirakçılarla ustad dərsləri keçiriblər. Təlimçilər sırasında Əməkdar artist, tanınmış diktor Gülşən Əkbərova, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin xəbər aparıcısı Mümtaz Xəlilzadə yer alıb.
Gülşən Əkbərova 55 illik televiziya fəaliyyəti dövründə qazandığı zəngin təcrübəni bölüşərək efir dilinin məsuliyyətindən, düzgün və səlis nitqin tamaşaçıya təsir gücündən danışıb. Onun sözlərinə görə, aparıcının dili həm informasiya daşıyıcısı, həm də mədəniyyət nümunəsidir.
Təlim çərçivəsində Azərbaycan dilinin yad təsirlərdən qorunması mövzusu da geniş müzakirə olunub. Ulu Öndər Heydər Əliyevin latın qrafikasına keçidlə bağlı tarixi təşəbbüsü, onun natiqlik məharəti və ana dilimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyü işlər xüsusi qeyd edilib. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü siyasəti diqqətə çatdırılıb.
BDU-nun kafedra müdiri Aynur Nəsirova media mətnlərinin redaktəsi zamanı əsas götürülməli məqamlardan bəhs edib. O, sözlərin düzgün yazılışına, cümlə quruluşunun sadə və anlaşıqlı olmasına, eləcə də yad terminlərdən yalnız zərurət yarandıqda istifadə edilməsinin vacibliyini vurğulayıb.
Aparıcı Mümtaz Xəlilzadə isə çıxışında nitqin təsiretmə və yönləndirmə imkanlarına toxunub. O, səs məşqləri, düzgün nəfəsalma texnikaları, “c–ç” səslərinin tələffüzündə rast gəlinən çətinliklərin aradan qaldırılması yolları və bədən dilinin aparıcılıq sənətində rolu barədə praktik tövsiyələr verib. Bundan əlavə, abreviaturaların düzgün səsləndirilməsi və artistizmin yerində tətbiqi məsələləri də diqqət mərkəzində olub.
Qeyd edək ki, təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, düzgün və səlis istifadəsini təşviq etməkdir.


Digər xəbərlər
QHT nəzdində “Emilim – Talassemiyalı Xəstələrə Dəstək Mərkəzi” yaradılıb
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir
Sosial şəbəkədə təhqirə görə 6 nəfər inzibati məsuliyyətə cəlb olundu
Sumqayıt və ətraf ərazilərdə iki günlük su kəsintisi olacaq
Yasamalda “Şamaxinka” yol qovşağında hərəkət artıq işıqforla tənzimlənir
Bu gün Bakıda hava necə olacaq? – Temperatur 16 dərəcəyədək yüksələcək
Xəbər lenti
Ən çox oxunan
Assosiasiya: Gəlmə və daxili turizm əməliyyatları ƏDV-dən azad edilməlidir




