Azərbaycanlı polkovnik Tümamirala etiraz etdi - Açıqlama

11:02 / 13.01.2026 Oxunub: 154

"Türkiyə mediasında ehtiyatda olan Tümamiral Ramazan Cem Gürdənizin Azərbaycan Respublikası ilə bağlı səsləndirdiyi fikirlər təkcə təəssüf deyil, həm də ciddi narazılıq doğurur. Azərbaycan-İsrail münasibətlərini əsas gətirərək “AZƏRBAYCANIN SİCİLİNİN PİS OLDUĞUNU” iddia etmək nə strateji təhlildir, nə də qardaşlıq münasibətlərinə sığan yanaşmadır. Bu cür ifadələr açıq şəkildə məsuliyyətsiz və qərəzli ritorikadır".

Kanal 20 TV xəbər verir ki, bu barədə açıqlamanı XəzərNews.az-a Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Akif Qasımov verib.

A.Qasımov bildirib ki, Azərbaycan heç vaxt öz xarici siyasətini kənar baxışlara, ideoloji simpatiyalara və ya efir emosiyalarına uyğun qurmayıb:

"Rəsmi Bakı milli maraqlar üzərində formalaşan çoxşaxəli və balanslı diplomatiya yürüdür. Türkiyə ilə strateji müttəfiqlik, Rusiya ilə regional balans, Qərb ilə enerji və təhlükəsizlik əməkdaşlığı, İslam dünyası ilə siyasi həmrəylik və İsrail də daxil olmaqla müxtəlif dövlətlərlə əlaqələr - bunların hamısı müstəqil dövlət siyasətinin təbii nəticəsidir.

Bu siyasəti “sicil” anlayışı ilə dəyərləndirmək, əslində, Azərbaycanın suveren qərarvermə haqqını sorğulamaq cəhdidir. Heç bir dövlət başqa bir dövlətin “reytinq cədvəli” ilə ölçülə bilməz. Xüsusilə də regionda müharibə reallıqları yaşamış, ərazi bütövlüyünü bərpa etmiş və beynəlxalq hüquqa söykənən mövqe ortaya qoymuş Azərbaycan kimi bir ölkə.

Daha düşündürücü olan isə ehtiyatda olan bir Tümamiralın bu cür məsuliyyətsiz ifadələrə yol verməsidir. Hərbi rütbə daşıyan şəxslərin söylədiyi hər söz təkcə şəxsi fikir deyil, eyni zamanda ictimai və siyasi təsir gücünə malik bəyanatdır. Bu baxımdan, qardaş ölkə ilə münasibətləri zədələyən, ictimai rəydə yanlış təsəvvür yaradan çıxışlar xüsusilə təhlükəlidir.

Unudulmamalıdır ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə dövləti və xalqının Azərbaycan xalqına verdiyi qətiyyətli dəstək tarixə yazılıb. Bu qardaşlıq münasibətləri fərdi şəxslərin məsuliyyətsiz və emosional açıqlamaları ilə nə zəifləyər, nə də zədələnər. Lakin bu cür çıxışlar Türkiyə ictimai rəyində Azərbaycana qarşı əsassız suallar yaratmağa xidmət edir ki, bu da haqlı etiraz doğurur".

Bu səbəbdən biz - Azərbaycan qaziləri və ehtiyatda olan hərbçilər adından ehtiyatda olan Tümamiral Ramazan Cem Gürdenizin Azərbaycan Respublikasına qarşı səsləndirdiyi təhqiramiz və əsassız fikirləri qətiyyətlə qınayırıq. Azərbaycan heç kimin “SİCİL dəftəri” ilə qiymətləndiriləcək dövlət deyil. Dövlətlərarası münasibətlər məsuliyyət, hörmət və real faktlar üzərində qurulmalıdır.

Azərbaycan bundan sonra da öz müstəqil yolunu milli maraqlara uyğun şəkildə davam etdirəcək. Kənardan səslənən məsuliyyətsiz bəyanatlar isə bu reallığı dəyişməyəcək".



Digər xəbərlər

Xəbər lenti

14 Yanvar 2026
13 Yanvar 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ