“Deputat: Köçkünlər üçün ən sağlam model – öz evini tikməkdir”

12:39 / 24.02.2026 Oxunub: 822

Kanal 20 TV xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin evlərinin tikintisi ilə bağlı təklif səsləndirib.

Deputat bildirib ki, bölgədə evlər, yollar, məktəblər və xəstəxanalar salınır, lakin bütün bu yükün dövlətin üzərinə düşməsi uzunmüddətli və dayanıqlı həll deyil. Onun sözlərinə görə, dövlətin əsas rolu yalnız ev tikmək deyil, həmçinin köçkünlərin orada yaşaması üçün uyğun şərait yaratmaqdır.

“Əgər köçkün öz evini özü tikərsə, o torpağa daha çox bağlanır. Tikə-tikə öyrəşir, ətrafı tanıyır, dolanışıq yolunu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu həm psixoloji, həm sosial baxımdan daha sağlam modeldir, həm də dövlət büdcəsinə daha az yük olur. Vətəndaş evini indiki qiymətlərdən iki dəfə daha ucuz tikə bilər”, – deputat vurğulayıb.

R. Nurullayev həmçinin bildirib ki, Qarabağın yalnız dövlət layihələri vasitəsilə bərpası mümkün deyil. Bölgə həm dövlət nəzarətində olmalı, həm də özəl sektora açıq olmalıdır. Kiçik və orta sahibkarlıq üçün daha əlverişli şərait, uzunmüddətli kreditlər və sadələşdirilmiş torpaq icarəsi mexanizmləri tətbiq edilməlidir. Deputat qeyd edib ki, fabriklər, emal müəssisələri, turizm və xidmət obyektləri sənaye zonaları ilə məhdudlaşmamalı, bütün bölgədə yaradılmalıdır.



Digər xəbərlər

Xəbər lenti

28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə