2026-cı ildə pensiyalar 9,2 faiz artırılacaq – Artım yanvar ayından hesablanacaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycanda mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il əvvəlki ilin orta aylıq əməkhaqqının artımına və pensiya kapitalının inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir.
Deputat əlavə edib ki, 2025-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqında qeydə alınan artım əsasında 2026-cı ildə pensiya məbləğlərinin artırılması nəzərdə tutulur. İlkin proqnozlara görə, artım faizi təxminən 9,2 faiz olacaq.
Vüqar Bayramov qeyd edib ki, artım bütün növ əmək pensiyalarına – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlara şamil ediləcək.
Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin yekun orta aylıq əməkhaqqı ilə bağlı rəsmi məlumat 2026-cı ilin fevral ayının ilk günlərində açıqlanacaq. Rəsmi statistika təqdim olunduqdan sonra Prezident tərəfindən müvafiq sənəd imzalanacaq və pensiya məbləğlərinin artırılması rəsmiləşdiriləcək.
Qanunvericiliyə əsasən, pensiyalardakı artımlar yanvar ayından etibarən hesablanır. Bu o deməkdir ki, fevral ayında pensiya alan vətəndaşlar həm fevral ayının pensiyasını, həm də yanvar ayına düşən artım fərqini birlikdə alacaqlar.
Məsələn, əgər 540 manat pensiya alan vətəndaşın pensiyası artımdan sonra 50 manat yüksəlirsə, fevral ayında o, 590 manat əvəzinə 640 manat pensiya alacaq. Mart ayından etibarən isə pensiya artıq yeni artırılmış məbləğlə ödəniləcək.
Vüqar Bayramov onu da vurğulayıb ki, hər bir pensiyaçı öz pensiya məbləği üzrə artımı asanlıqla hesablaya bilər. Məsələn, aylıq 500 manat pensiya alan vətəndaşın 9,2 faiz artımı təxminən 46 manat olacaq.
Rəsmi məlumatların açıqlanmasından sonra pensiya artımlarının dəqiq məbləği elan ediləcək və ödənişlər fevral ayından etibarən başlayacaq.


Digər xəbərlər
İlham Əliyevdən Serbiya Prezidentinə Milli Bayram Təbriki
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşləri paylaşılaraq diqqətə çatdırılıb
Azərbaycan Televiziyası 70, Mədəniyyət TV isə 15 yaşını qeyd edir
İlham Əliyev Münxendə Armin Laşetlə görüşüb
İlham Əliyev Münhendə Bolqarıstan Prezidenti İliyana Yotova ilə görüşüb
Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
Xəbər lenti
Ən çox oxunan