Prezident İlham Əliyev İranın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

12:06 / 06.02.2026 Oxunub: 173

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Kanal 20 TV xəbər verir ki, görüş zamanı dövlət başçısı bir neçə gün əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, yüksək səviyyəli təmasların ikitərəfli gündəliyə dair məsələlərin müzakirəsi baxımından mühüm imkan yaratdığını bildirib.

Prezident İlham Əliyev Məsud Pezeşkianın ötən il Azərbaycana rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, həmin səfərdən sonra iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyini qeyd edib.

Dövlət başçısı dünyada müharibə və münaqişələrin davam etdiyini diqqətə çatdıraraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu bildirib və bunun İran üçün də xüsusi əhəmiyyət daşıdığını deyib. Prezident qeyd edib ki, Azərbaycan müharibədən sülhə keçid modelini nümayiş etdirir.

Prezident İlham Əliyev həmçinin bölgədə yaranmış gərginlikdən narahat olduqlarını və vəziyyətin sabitləşdirilməsi üçün Azərbaycanın dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə Əziz Nəsirzadə İran Prezidenti Məsud Pezeşkianın salamlarını Azərbaycan dövlət başçısına çatdırıb və onun Azərbaycana xüsusi diqqət göstərdiyini vurğulayıb. İran rəsmisi Pezeşkianın ölkəmizə və Xankəndiyə səfərlərini məmnunluqla xatırladığını da qeyd edib.

Prezident İlham Əliyev salamlar üçün təşəkkür edib və öz salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

Sonda tərəflər Azərbaycan və İran arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin inkişafını qeyd edib, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə