Fərah Pəhləvidən İrandakı etirazçılara çağırış: “Tezliklə azadlığı birlikdə qeyd edəcəksiniz”
İran şahbanu Fərah Pəhləvi İranda davam edən etirazlarla bağlı xalqa müraciət edib.
Kanal 20 TV xəbər verir ki, Fərah Pəhləvi müraciətində iranlı etirazçıların cəsarətini, vətənpərvərliyini və fədakarlığını yüksək qiymətləndirərək, onların səsinin bütün dünyada eşidildiyini bildirib. O vurğulayıb ki, rabitə vasitələrinin kəsilməsinə və informasiya blokadasına baxmayaraq, xalqın mesajı susdurula bilməz və etirazların əsl miqyası gec-tez dünya ictimaiyyətinə çatacaq.
Fərah Pəhləvi son saatlarda yayılan və günahsız etirazçıların öldürülməsini əks etdirən görüntülərin onu bir ana kimi dərindən sarsıtdığını bildirib. O, həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara şəfa arzulayıb və iranlı analar və atalarla kədərini bölüşdüyünü qeyd edib.
Müraciətdə İranın silahlı qüvvələrinə də çağırış edən Fərah Pəhləvi bildirib ki, heç bir hakimiyyətin qorunması öz həmvətənlərinin qanının tökülməsini haqqlandıra bilməz. O, hərbçiləri gec olmadan xalqa qoşulmağa və talelərini zorakılıq törədənlərlə bağlamamağa səsləyib.
Sonda isə Fərah Pəhləvi iranlı gənclərə və etirazçılara ümidlərini itirməmək çağırışı edərək, tezliklə azad bir İranda birlikdə bayram edəcəklərinə inandığını vurğulayıb.
Qeyd edək ki, bu müraciət Fərah Pəhləvi tərəfindən rəsmi “X” (keçmiş Twitter) səhifəsində paylaşılıb.
Fərah Pəhləvinin müraciətinin tam mətni
“Tezliklə İranda azadlığı birlikdə qeyd edəcəksiniz”
Əziz həmvətənlərim,
Bu günlərdə göstərdiyiniz cəsarət, vətənpərvərlik və fədakarlıq bütün dünyada insanların hörmətini qazanıb. Müxtəlif ölkələrdə milyonlarla insan sizə dəstəyini açıq şəkildə ifadə edib. Bilirəm ki, səsinizi eşitməkdən qorxan, qaranlıqdan güc alanlar sizin xarici dünya ilə əlaqə kanallarınızı kəsiblər. Lakin mesajınız bu cür addımlarla susdurula biləcək qədər zəif deyil. Mən qətiyyətlə inanıram ki, etirazlarınızın epik səhnələri gec-tez senzura divarını yaracaq və bu günlərdə etdiklərinizin əsl miqyası dünyada daha böyük heyrət və rəğbətlə qarşılanacaq.
Son saatlarda, rabitə vasitələrinin bloklandığı bir vaxtda, İrandan kənara sızan günahsız etirazçıların öldürülməsini əks etdirən görüntülər məni bir ana kimi dərindən sarsıtdı. Bu millətin hər bir övladının tökülən qanı mənim üçün öz övladlarımı itirməyin dözülməz kədərini yenidən canlandırır. İranın analarına və atalarına səbir və güc arzulayıram, yaslarında özümü onlarla birgə hiss edirəm. Bu milli üsyan zamanı yaxınlarını itirən bütün həmvətənlərimə dərin hüznlə başsağlığı verir, yaralanan və xəsarət alanlara tezliklə şəfa arzulayıram.
İran tarixinin bu həlledici mərhələsində bir daha İranın silahlı qüvvələrinə müraciət edirəm: heç bir hökumətin yaşaması və heç bir marağın qorunması öz həmvətənlərinizin qanının tökülməsini əsaslandıra bilməz. Etirazçıların qəzəb dolu fəryadını və gur səsini eşidin. Gec olmadan qardaş və bacılarınıza qoşulun və taleyinizi qatillərin taleyi ilə bağlamayın. Sabahın azad İrani sizin övladlarınıza da məxsusdur. Həmvətənlərinizin qanını tökməklə öz gələcəyinizi və ailələrinizin gələcəyini məhv etməyin. Bilin ki, bu günlərin hekayəsi İranda tarix səhifələrinə əbədi olaraq yazılacaq və güllələri ilə öz qardaş və bacılarının sinəsini deşənlər üçün rüsvayçılıq daim qalacaq.
Sonda isə:
Övladlarım, ümidinizi itirməyin. Güclü olun və inanın ki, tezliklə İranda azadlığı birlikdə qeyd edəcəksiniz və işıq qaranlığa qalib gələcək.
Fərah Pəhləvi


Digər xəbərlər
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışla bağlı telefon danışığı aparıblar
İran Ərdəbil dəmir yolunu Azərbaycan və Orta Asiyaya bağlamağı planlaşdırır
İran və ABŞ Omanda dolayı nüvə danışıqları aparıb – Tehran “yaxşı başlanğıc” adlandırır
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında
Prezident İlham Əliyev İranın müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri başa çatıb
Xəbər lenti
Ən çox oxunan
Orhan Ölmez Bakıya gəlir: Şair Səbuhi Zamanla birlikdə möhtəşəm gecə Heydər Əliyev Sarayında
