“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası ilə bağlı yeni mərhələ başlayır

15:42 / 29.01.2026 Oxunub: 321

Kanal 20 TV xəbər verir ki, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirləri əhatə edən sərəncam imzalanıb. Sərəncamı Baş nazir Əli Əsədov təsdiqləyib.

Sənədə əsasən, Mədəniyyət Nazirliyinə Konsepsiyanın 2026–2030-cu illər üzrə həyata keçirilməsini nəzərdə tutan Tədbirlər Planının ayrı-ayrı istiqamətləri üzrə təkliflərin hazırlanması tapşırılıb. Bu təkliflər aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq.

Tədbirlər Planının hazırlanması prosesinə Ədliyyə, İqtisadiyyat, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, eləcə də İçərişəhər və Şuşa Dövlət Qoruqları cəlb ediləcək. Eyni zamanda Elm və Təhsil Nazirliyi və AMEA öz səlahiyyətlərinə aid yarımbəndlər üzrə təkliflərini müəyyən edilmiş müddətlərdə hökumətə təqdim etməlidirlər.

Konsepsiyanın icrasının effektiv izlənməsi məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə Vahid Elektron Hesabatlılıq Portalı çərçivəsində xüsusi monitorinq modulunun yaradılması həvalə olunub. İcra prosesinin monitorinqi və qiymətləndirilməsi 2027-ci ildən etibarən hər il həyata keçiriləcək.

Tədbirlər Planının əsas icraçı qurumları məsul şəxsləri müəyyənləşdirməli, illik hədəf indikatorlarını formalaşdırmalı, layihələr üzrə məlumatları isə rüblük və illik əsasda elektron sistemə daxil etməlidirlər.

Konsepsiyanın icrasının əlaqələndirilməsi üçün Mədəniyyət Nazirliyi yanında İşçi qrup yaradılacaq və icra vəziyyəti ildə iki dəfə müzakirə ediləcək. Layihələrin dövlət büdcəsi hesabına maliyyələşdirildiyi hallarda isə Maliyyə və İqtisadiyyat nazirlikləri xərclərlə bağlı məlumatların elektron sistemə yerləşdirilməsini təmin edəcək.

Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə tapşırılıb.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə