Bakıda Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş elmi konfrans təşkil edilib

17:11 / 04.02.2026 Oxunub: 263

Kanal 20 TV xəbər verir ki, Bakıda böyük şair və mütəfəkkir Əlişir Nəvainin anadan olmasının 585 illiyi münasibətilə elmi konfrans keçirilib.

Tədbir Özbəkistanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, eləcə də ədəbiyyat, tarix və mədəniyyət sahəsi üzrə tanınmış alim və tədqiqatçılar iştirak ediblər.

Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Əlişir Nəvainin yaradıcılığı uzun illərdir müxtəlif elmi araşdırmaların və konfransların əsas mövzularından biridir. O qeyd edib ki, Daşkənddən sonra Nəvainin əlyazmalarının saxlanıldığı ən böyük mərkəz məhz Azərbaycandadır. Akademiyanın fondlarında şairin orijinal mətnləri və özbək ustaların qeydləri ilə zəngin əlyazmalar ideal vəziyyətdə qorunur.

Özbəkistan səfiri Bahrom Aşrafxanov Bakının türk mədəniyyətinin mühüm mərkəzlərindən biri olduğunu vurğulayıb. O, Nəvainin irsinin öyrənilməsi və təbliğinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəstəyi ilə davam etdirildiyini bildirib. Diplomat əlavə edib ki, 2026-cı ildə Əmir Teymur və Əlişir Nəvainin yubileyləri çərçivəsində genişmiqyaslı beynəlxalq tədbirlər keçiriləcək.

Türkiyənin səfiri Birol Akgün isə qeyd edib ki, Əlişir Nəvai yalnız XV əsrin böyük şairi deyil, həm də türk dünyasının mənəvi və mədəni irsinin formalaşmasında mühüm rol oynayan şəxsiyyətdir. O vurğulayıb ki, Nəvainin yaradıcılığı türk dilinin ədəbiyyat və mədəniyyət vasitəsinə çevrilməsində xüsusi əhəmiyyət daşıyır.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə