Bakıda su təchizatına dair Dövlət Proqramının monitorinq proseduru təsdiqlənib

12:06 / 27.01.2026 Oxunub: 521

Kanal 20 TV xəbər verir ki, Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramının icrasının monitorinqinin həyata keçirilməsi proseduru müəyyənləşdirilib.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb. Sərəncam Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 yanvar tarixli 883 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Sənədə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticələri barədə məlumatları ildə bir dəfə – hər il aprelin 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının qiymətləndirilməsinin nəticələri 2031-ci və 2036-cı illərin iyulun 30-dək Nazirlər Kabinetinə təqdim olunacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə monitorinq və qiymətləndirmənin aparılması məqsədilə Dövlət Proqramı çərçivəsində icra olunan layihələr barədə məlumatları “Layihə idarəetməsi” modulunda rübdə bir dəfə – rübdən sonrakı ayın 15-dək yerləşdirməlidir. Tədbirlər üzrə illik yekun məlumatlar isə 2027-ci ildən başlayaraq hər il fevralın 25-dək sistemə daxil edilməlidir.

Qeyd edək ki, sözügedən sərəncam imzalandığı gündən qüvvəyə minib.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə