Hikmət Hacıyevin adından yayılan “deepfake” video ilə bağlı rəsmi açıqlama

12:12 / 27.01.2026 Oxunub: 603

Kanal 20 TV xəbər verir ki, sosial şəbəkə platformalarında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından yayılan saxta video ilə bağlı rəsmi açıqlama yayılıb.

Açıqlamada bildirilib ki, sözügedən video “deepfake” texnologiyası vasitəsilə hazırlanıb, reallığı əks etdirmir və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Qeyd olunub ki, bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik münasibətlərinə zərər vurmağa, iki qardaş ölkə arasında qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.

Rəsmi açıqlamada vurğulanıb ki, süni intellektdən istifadə olunmaqla hazırlanan bu cür saxta məzmunlar məqsədli informasiya manipulyasiyasının tərkib hissəsidir və cəmiyyət üçün ciddi təhlükə yaradır.

Agentlik vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən yayılan məlumatlara inanmağa çağırıb. Eyni zamanda jurnalistlərə, ictimai fəallara bu kimi hallara qarşı prinsipial mövqe nümayiş etdirməyin, saxta və yalan məlumatlara əsaslanan kampaniyalara qarşı həssas olmağın vacibliyi diqqətə çatdırılıb.

Açıqlamada həmçinin sosial şəbəkə platformalarının sahiblərinə və aidiyyəti qurumlara müraciət edilərək zərərli və saxta məzmunun operativ şəkildə silinməsi, “deepfake” texnologiyalarından sui-istifadənin qarşısının alınması üçün effektiv mexanizmlərin tətbiqi istiqamətində tədbirlərin görülməsinə çağırış edilib.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə