Bu gün görkəmli qoboyçu, bəstəkar və pedaqoq Kamil Cəlilovun doğum günüdür

08:49 / 29.01.2026 Oxunub: 385

Bu gün Azərbaycan musiqi mədəniyyətinin tanınmış simalarından biri, qoboyçu, bəstəkar və pedaqoq Kamil Cəlilovun (1938–2022) doğum günü qeyd olunur.

kanal 20 TV xatırladır ki, Kamil Cəlilov Azərbaycan musiqi tarixində qoboy alətini muğam janrına gətirən ilk ifaçı kimi xüsusi yer tutur. Onun 1977-ci ildə balaban (bəzi mənbələrdə qaboy kimi qeyd olunur) ilə ifa etdiyi “Muğam” kompozisiyası (bəzən “Çahargah ahəngi” adı ilə tanınır) bəşəriyyətin musiqi irsini təmsil edən “Voyacer” qızıl plastinkasına daxil edilib.

Kamil Cəlilov eyni zamanda bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün yazdığı “Altı pyes” əsərinin ilk ifaçısı olub. Onun sənətkarlığı təkcə texniki ustalıqla deyil, dərin emosional yükü ilə də seçilib. Xüsusilə 1990-cı ildə ifa etdiyi “Zəminxarə” muğamı xalqımızın yaddaşında Qara Yanvar faciəsi ilə sıx bağlı musiqi nümunələrindən biri kimi yaşayır.

1976-cı ildə Filippində keçirilən Afrika və Asiya ölkələrinin IV Beynəlxalq musiqi müsabiqəsində Kamil Cəlilovun “Çahargah” muğamı ifası yüksək qiymətləndirilərək ona I dərəcəli “Büllur mükafat” qazandırıb. Həmin ifa UNESCO nəzdində IV Beynəlxalq musiqi müsabiqəsinin şurası tərəfindən dünyanın aparıcı radiostansiyalarının proqramlarında səsləndirilməsi üçün tövsiyə olunub.

Kamil Cəlilovun yaradıcılığında “Bayatı-Kürd”, “Segah”, “Zəminxarə”, “Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, “Hümayun”, “Qarabağ şikəstəsi”, “Kəsməşikəstə” kimi muğamlar qoboy ifaçılığı sənətinə bəxş etdiyi dəyərli incilər sırasında xüsusi yer tutur.

Onun musiqi irsi bu gün də Azərbaycan milli musiqisinin zənginliyini dünyaya tanıtmaqda mühüm rol oynayır.



Digər xəbərlər

Xəbər lenti

06 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə